Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bətnlərdə sizə dilədiyi kimi surət verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa ilah yoxdur!
(Ali İmran surəsi, 6)
And olsun ki, sizi yaratdıq və sonra sizə (ən gözəl) surət verdik. Sonra mələklərə: “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa (hamısı) dərhal səcdə etdi. O, səcdə edənlərdən olmadı.
(Əraf surəsi, 11)
Sizə qorxu və ümidi hiss etdirmək üçün ildırımı göstərməsi də Onun (varlığının) dəlillərindəndir. O, göydən su endirir və ölümündən sonra onunla torpağa can verir. Həqiqətən, düşünənlər üçün bunda ibrətlər vardır.
(Rum surəsi, 24)
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib sizi ən gözəl surətə salan və sizə təmiz qidalardan ruzi verən Allahdır. Bu, sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah çox ucadır.
(Mömin surəsi, 64)
Beləliklə, onları sonradan gələnlər üçün ibrətamiz bir mazi etdik.
(Zuxruf surəsi, 56)
O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
(Həşr surəsi, 24)
O, göyləri və yeri haqq (hikmət) ilə yaratdı. Sizə surət verib surətlərinizi gözəlləşdirdi. Axır dönüş Onadır.
(Təğabun surəsi, 3)