Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər.
(Bəqərə surəsi, 156)
İkiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Ali İmran surəsi, 165)
Bəs öz əlləri ilə etdikləri (əməllər) səbəbilə onların başına bir müsibət gəldiyi zaman sənin yanına gələrək: “Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik”, – deyə Allaha and içdikləri vaxt (onların halı) necə olacaq?!
(Nisa surəsi, 62)
Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”.
(Nisa surəsi, 72)
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir.
(Maidə surəsi, 49)
Ey iman edənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsinlər.
(Maidə surəsi, 106)
(Əvvəllər məhv olmuş) xalqlardan sonra yer üzünə varis olanlara aydın olmadımı ki, əgər Biz diləsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, onların qəlbini möhürləyərdik və beləliklə onlar (haqqı) eşitməzdilər.
(Əraf surəsi, 100)
Əgər sənə bir xeyir dəyərsə, bu, onları kədərləndirər. Əgər sənə bir müsibət üz verərsə, onlar: “Yaxşı ki, biz qabaqcadan tədbirimizi almışdıq”, - deyərlər və sevincək halda dönüb gedərlər.
(Tövbə surəsi, 50)
O kəslər ki, Allah anıldığı zaman onların qəlbi titrəyər, başlarına gələn müsibətlərə səbir edər, namazı qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.
(Həcc surəsi, 35)
Etdikləri əməllərə görə başlarına bir müsibət gəldikdə: “Ey Rəbbimiz! Bizə bir elçi göndərsəydin, biz də Sənin ayələrinə tabe olub iman edənlərdən olardıq”, – deyəsi olmasaydılar, (səni onlara elçi göndərməzdik).
(Qəsas surəsi, 47)
Başınıza gələn hər hansı bir müsibət öz əllərinizlə qazandıqlarınız (günahlar) səbəbilədir. Allah (günahların) çoxunu əfv edər.
(Şura surəsi, 30)
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır.
(Hədid surəsi, 22)
Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman edərsə, Allah onun qəlbini doğru yola yönəldər. Allah hər şeyi biləndir.
(Təğabun surəsi, 11
)