Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
(Ənam surəsi, 70)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kəslər bu günləri (axirət günü) ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları unudarıq.
(Əraf surəsi, 51)
Yaxud o məmləkətlərin əhalisi, əzabımızın onlara gündüz əylənərkən gəlməyəcəyindən əmin idilərmi?!
(Əraf surəsi, 98)
Siz hər yüksək yerə bir əlamət quraraq (hündür binalar tikərək) əylənirsinizmi?
(Şuəra surəsi, 128)
İnsanlardan elələri də var ki, cahilliklə Allah yolundan döndərmək və onu məsxərəyə qoymaq üçün boş sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
(Loğman surəsi, 6)
Onlar bir möcüzə gördüklərində onu məsxərəyə qoyarlar.
(Saffat surəsi, 14)
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!”
(Cümə surəsi, 11
)