Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Qadınlarınızdan çirkin iş (homoseksuallıq) edənlərə qarşı özünüzdən dörd şahid gətirin. Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın.
(Nisa surəsi, 15)
Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (hamınız Adəmin nəslindənsiniz). Elə isə, iffətli olmaları, zina etməmələri və aşnası olmaması şərtilə sahiblərindən icazə alıb mehrlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların (cəzası) azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu (cariyə ilə evlənmə icazəsi), sizdən zinaya düşməkdən qorxan kimsələr üçündür. Səbir etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 25)
Zinaya yaxınlaşmayın! Çünki bu, əxlaqsızlıqdır və pis bir yoldur.
(İsra surəsi, 32)
Zina edən qadın və zina edən kişinin hər birinə yüz şallaq vurun! Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara qarşı ürəyiniz yumşalmasın! Möminlərdən bir qrup da onlara verilən cəzaya şahid olsun!
(Nur surəsi, 2)
Zina edən bir kişi yalnız zina edən bir qadınla və ya müşrik bir qadınla evlənə bilər. Zina edən qadın da yalnız zina edənlə və ya müşrik bir kişi ilə evlənə bilər. Bu, möminlərə haram edilmişdir.
(Nur surəsi, 3)
Namuslu qadınlara zina isnad edib sonra da dörd şahid gətirə bilməyənlərə səksən şallaq vurun və heç vaxt onların şahidliyini qəbul etməyin! Onlar əsil fasiqlərdir.
(Nur surəsi, 4)
Ancaq bundan sonra tövbə edib özlərini islah edənlər istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 5)
Zövcəsinə zina isnad edib, özlərindən başqa şahidləri olmayanlara gəldikdə, onlardan hər biri özünün doğru söyləyənlərdən olduğuna dair dörd dəfə Allah adına and içərək şahidlik etməlidir.
(Nur surəsi, 6)
Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər o yalan söyləyənlərdəndirsə, Allahın lənəti onun öz üzərinə olsun.
(Nur surəsi, 7)
Ərinin yalan söyləyənlərdən olduğuna dair qadının dörd dəfə Allah adına and içib şahidlik etməsi cəzanı ondan dəf edər.
(Nur surəsi, 8)
Beşinci dəfə isə (şahidlik edəcək ki,) əgər əri doğru söyləyənlərdəndirsə, Allahın lənəti öz üzərinə olsun!
(Nur surəsi, 9)
Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər.
(Furqan surəsi, 68)
Ey elçisin zövcələri! Sizdən kim açıq-aşkar çirkin bir iş görərsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır.
(Əhzab surəsi, 30)
Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12)
Ey elçi! Qadınları boşayacağınız zaman onları gözləmə müddətləri ərzində boşayın və gözləmə müddətini hesablayın! Rəbbiniz olan Allahdan qorxun və açıq-aşkar bir əxlaqsızlıq etmələri istisna olmaqla, onları (gözləmə müddəti ərzində) evlərindən çıxartmayın, özləri də çıxmasınlar! Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. Ola bilsin ki, Allah bundan sonra bir çıxış yolu ortaya qoyar (onları barışdırar).
(Talaq surəsi, 1
)