Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha uyğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir!
(Bəqərə surəsi, 282)
Ey iman edənlər! Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin və özünüzü (bir-birinizi) öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir.
(Nisa surəsi, 29)
De: “Əgər valideyniniz, övladlarınız, bacı-qardaşlarınız, həyat yoldaşınız, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.
(Tövbə surəsi, 24)
Bir karvan gəldi və sudaşıyanı (su dalınca) göndərdilər. O qabını (quyuya) saldı. (Yusifi görəndə:) “Müjdə! Bu bir oğlan uşağıdır!” - dedi. Onlar Yusifi satmaq məqsədi ilə qul kimi saxladılar. Allah onların etdiklərini biləndir.
(Yusif surəsi, 19)
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
(Nur surəsi, 37)
Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər əsla zərər etməyən bir qazanc uma bilərlər.
(Fatir surəsi, 29)
Ey iman edənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə göstərimmi?
(Saff surəsi, 10)
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!”
(Cümə surəsi, 11
)