Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahın Öz bəndələrindən istədiyinə lütf etməsinə həsəd aparıb Onun göndərdiyini inkar edərək, uğuruna özlərini satdıqları şey nə qədər də pisdir! Beləcə, onlar qəzəb üstünə qəzəbə düçar oldular. İnkar edənlər üçün zəlil edici bir əzab vardır.
(Bəqərə surəsi, 90)
Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra da həsədləri səbəbilə imanınızdan sonra sizi küfrə qaytarmaq istəyər. Elə isə, Allah Öz əmrini göndərənə qədər (onları) əfv edin və qınamayın! Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 109)
İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən elçilər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman edənləri, onların (əhli-kitabın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər.
(Bəqərə surəsi, 213)
Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir.
(Ali İmran surəsi, 19)
Yoxsa onlar Allahın Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar? Halbuki, Biz İbrahim ailəsinə kitab və hikmət vermiş, onlara böyük bir hökmranlıq bəxş etmişdik.
(Nisa surəsi, 54)
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (özündən) üz çevirməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlmələri onlara günah deyil. Barışmaq daha xeyirlidir. nəfs xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan) qorxsanız, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Nisa surəsi, 128)
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir.
(Fəth surəsi, 15)
O, qeyb xəbərləri barəsində xəsis deyildir.
(Təkvir surəsi, 24
)