QARUN sözü ilə əlaqəli ayələr
"QARUN" sözü ilə əlaqəli ayələr
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz.
(Qəsas surəsi, 76)📋
- Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”.
(Qəsas surəsi, 77)📋
- Qarun dedi: “Bu sərvət mənə elmimə görə verilmişdir”. O, Allahın əvvəlki nəsillər içində ondan daha güclü və varlı kimsələri belə məhv etdiyini bilmirdimi?! Günahkarlardan günahları soruşulmaz.
(Qəsas surəsi, 78)📋
- Beləliklə, (Qarun) öz ehtişamı ilə qövmünün qarşısına çıxdı. Dünya həyatını arzulayanlar: “Kaş Qaruna verilənlərin eynisi bizə də veriləydi. O, çox bəxtəvərdir”, - dedilər.
(Qəsas surəsi, 79)📋
- Elm sahibi olanlar isə: “Vay halınıza! İman edib yaxşı işlər görən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna yalnız səbir edənlər qovuşa bilər”, - dedilər.
(Qəsas surəsi, 80)📋
- Nəhayət, onu evi ilə birlikdə yerə batırdıq. Nə Allahdan başqa ona yardım edən adamları var idi, nə də o, özünü müdafiə edə bildi.
(Qəsas surəsi, 81)📋
- Dünən onun yerində olmağı arzulayanlar belə deməyə başladılar: “Deməli, Allah bəndələrindən dilədiyinin ruzisini artırır, dilədiyinin ruzisini də azaldırmış. Əgər Allah bizə lütf etməsəydi, həqiqətən, bizi də yerə batıracaqdı. Deməli, inkar edənlər nicat tapa bilməzlər”.
(Qəsas surəsi, 82)📋
- Biz axirət yurdunu (cənnəti) yer üzündə təkəbbürlənmək və fitnə-fəsad törətmək istəməyənlərə veririk. Gözəl aqibət təqva sahiblərinindir.
(Qəsas surəsi, 83)📋
- Qarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara açıq-aydın dəlillər gətirmişdi. Onlar isə yer üzündə təkəbbürləndilər və (əzabımızdan) qurtula bilmədilər.
(Ənkəbut surəsi, 39)📋
- Fironun, Hamanın və Qarunun yanına. Ancaq onlar: “Bu, çox yalançı bir sehrbazdır!” - dedilər.
(Mömin surəsi, 24
)📋