Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha uyğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir!
(Bəqərə surəsi, 282)
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə bərabərdir!
(Ənfal surəsi, 66)
Sizi zəif bir şeydən (nütfədən) yaradan, sonra zəifliyin arxasınca qüvvət, sonra qüvvətin arxasınca gücsüzlük və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, hər şeyi biləndir, qüdrət sahibidir.
(Rum surəsi, 54)
İnkar edənlər: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanacağıq!” - dedilər. Kaş o zalımları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir-birlərinə söz qaytararkən görəydin. (Dünya həyatında) zəif olanlar təkəbbürlü kimsələrə: “Əgər siz olmasaydınız, biz mömin olardıq!” - deyəcəklər.
(Səba surəsi, 31)
Təkəbbürlənənlər isə zəiflərə belə deyəcəklər: “Sizə doğru yol gəldikdən sonra sizi (doğru yoldan) bizmi döndərdik? Əksinə, siz özünüz günahkar idiniz”.
(Səba surəsi, 32)
Zəiflər də təkəbbürlənənlərə: “Əksinə, siz gecə-gündüz hiylə qururdunuz. O zaman bizə Allahı inkar etməyimizi və Ona şəriklər qoşmağımızı əmr edirdiniz”, - deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmançılıqlarını gizlədəcəklər. Biz inkar edənlərin boyunlarına zəncirlər vuracağıq. Onlar yalnız etdikləri əməllərə görə cəzalandırılacaqlar.
(Səba surəsi, 33
)