Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Vaxtilə evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etmişdik. Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə: “Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik.
(Bəqərə surəsi, 125)
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! Çünki bu, Rəbbindən gələn həqiqətdir. Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
(Bəqərə surəsi, 149)
Həqiqətən, Səfa və Mərvə təpələri Allahın nişanələrindəndir. Kim Allahın evinə həccə, yaxud ümrəyə gedərsə, onları təvaf etməsində ona heç bir günah yoxdur. Kim də könüllü olaraq yaxşı bir iş görərsə, şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, hər şeyi biləndir.
(Bəqərə surəsi, 158)
Onları (sizə qarşı vuruşanları) harada görsəniz öldürün! Sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidi-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün! İnkar edənlərin cəzası belədir.
(Bəqərə surəsi, 191)
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 196)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)
Onlar Məscidi-haramın sahibləri olmadıqları halda (elçinin və möminlərin ora daxil olmalarına) mane olduqlarına görə Allah onlara nə üçün əzab verməsin?! Onun sahibləri yalnız Allahdan qorxanlardır. Lakin onların çoxu bunu bilmir.
(Ənfal surəsi, 34)
Onların, Kəbənin yanındakı duası fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı!
(Ənfal surəsi, 35)
Məscidi-haramın yanında müqavilə bağladığınız kimsələr istisna olmaqla, müşriklərin Allah və Onun elçisi yanında necə (etibarlı) bir əhdi ola bilər?! Sizə qarşı düzgün (müqaviləyə uyğun) davrandıqları müddətdə siz də onlara qarşı düzgün davranın! Həqiqətən, Allah müttəqiləri sevər.
(Tövbə surəsi, 7)
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman edib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz!
(Tövbə surəsi, 19)
Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir.
(İsra surəsi, 1)
Şübhəsiz, inkar edən olub Allah yolundan və həm yerli, həm də kənardan gələnlər üçün məbəd etdiyimiz Məscidi-haramdan (insanları) uzaqlaşdıran və orada zülm edərək haqsızlığa meyil etmək istəyənlərə acı bir əzab daddıracağıq.
(Həcc surəsi, 25)
Bir zaman İbrahim üçün Evin (Kəbənin) yerini hazırlamışdıq (və belə demişdik): “Heç bir şeyi Mənə şərik qoşma! Təvaf edən, qiyamda duran, rüku edən və səcdəyə qapanan kimsələr üçün Mənim evimi təmiz saxla!”
(Həcc surəsi, 26)
Sonra kirlərini təmizləsinlər və qurban ibadətini yerinə yetirsinlər. Beyt-i Ətiki (Kəbəni) təvaf etsinlər.
(Həcc surəsi, 29)
Onlarda sizin üçün müəyyən bir müddətə qədər faydalar vardır. Sonra onların yeri Beyt-i Atiqdir.
(Həcc surəsi, 33
)