Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həcc məlum olan aylardır. Kim o aylarda həcc etməyə niyyət edərsə, bilsin ki, həcdə qadınla yaxınlıq etmək, pis iş görmək və dalaşmaq olmaz. Etdiyiniz hər bir yaxşılığı Allah bilir. (Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun!
(Bəqərə surəsi, 197)
Ey iman edənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha uyğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir!
(Bəqərə surəsi, 282)
Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız. Əgər kitab əhli də iman etsəydi, əlbəttə, bu onlar üçün daha yaxşı olardı. Onların içərisində iman edənlər olsa da, əksəriyyəti haqq yoldan azmış kimsələrdir.
(Ali İmran surəsi, 110)
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş (pir və ziyarətgahlarda kəsilən, nəzir deyilən), boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və falçılıq ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün inkar edənlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbilə çətinliyə düşərsə, günaha meyil etmədən (haram ətdən, ölməyəcək qədər yeyə bilər). Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Maidə surəsi, 3)
Ayələrimizi yalan sayanlara gəldikdə, etdikləri günahlara görə onlara əzab toxunacaqdır.
(Ənam surəsi, 49)
Allahdan qeyrisinə kəsilənlərdən yeməyin! Şübhəsiz ki, bu günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübarizə aparmalarını fısıldayarlar (təlqin edərlər). Əgər onlara uysanız, şübhəsiz, siz də müşrik olarsınız.
(Ənam surəsi, 121)
De: “Mənə vəhy olunanların içində murdar olmaları səbəbilə leş, axıdılan qan, yaxud donuz əti və ya günah olaraq Allahdan başqasının adı ilə kəsilmiş heyvan istisna olmaqla, yemək yeyən bir kimsəyə haram edilmiş bir şey görmürəm. Kim məcbur qalarsa, həddi aşmadan zəruri ehtiyacı qədər (yeyərsə, bilsin ki), Rəbbin şübhəsiz, bağışlayandır, rəhmlidir!
(Ənam surəsi, 145)
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik.
(Əraf surəsi, 163)
Onlar özlərinə verilən öyüd-nəsihəti unutduqları zaman biz də pis işlərdən çəkindirənləri xilas etdik və zülm edənləri işlədikləri günahlara görə şiddətli bir əzabla yaxaladıq.
(Əraf surəsi, 165)
Münafiq kişilər və münafiq qadınlar bir-birlərinə bənzəyirlər. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edər və xəsislik edərlər. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər əsil fasiqlərdir.
(Tövbə surəsi, 67)
Bilin ki, sizin aranızda Allahın elçisi vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, həqiqətən, siz çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirib onu qəlbinizə gözəl göstərdi. Küfrü, günahı və asiliyi isə sizə çirkin göstərdi. Əsil doğru yolda olanlar onlardır.
(Hucurat surəsi, 7
)