Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər, (döyüşə getməsinlər deyə) özlərinə izin verilməsi üçün gəldilər. Allaha və elçisinə yalan deyənlər isə oturdular. Onlardan inkar edən olanlara acı bir əzab üz verəcəkdir.
(Tövbə surəsi, 90)
Bədəvilər inkar etmək və ikiüzlülük baxımından həm daha pis, həm də Allahın elçisinə nazil etdiyi hökmləri tanımamağa daha çox meyillidirlər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Tövbə surəsi, 97)
Bədəvilərdən eləsi var ki, (Allah yolunda) xərclədiyini ziyan sayar və sizin başınıza bəlalar gəlməsini gözləyər. O pis bəla öz başlarına gəlsin! Allah hər şeyi eşidəndir, biləndir.
(Tövbə surəsi, 98)
Bədəvilərdən eləsi də var ki, Allaha və axirət gününə inanır, infaq etdiyini Allaha yaxın olmağa və elçinin duasını almağa vasitə sayır. Bilin ki, bu, onlar üçün Allaha yaxınlıq vasitəsidir. Allah onları rəhmətinə (cənnətinə) daxil edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 99)
Ətrafınızdakı bədəvi ərəblərdən və Mədinə əhalisindən ikiüzlülükdə məharətli olan münafiqlər var. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra da onlar böyük bir əzaba atılacaqlar.
(Tövbə surəsi, 101)
Mədinəlilərə və onların ətrafındakı bədəvi ərəblərə Allahın elçisindən geri qalmaq və onun canından əvvəl öz canlarını düşünmələri yaraşmaz. Bu, onların Allah yolunda susuzluğa, yorğunluğa və aclığa düçar olmaları, inkar edənləri qəzəbləndirəcək bir yerə ayaq basmaları və düşmənə qarşı zəfər qazanmalarının özlərinə yaxşı bir əməl kimi yazılması üçündür. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
(Tövbə surəsi, 120)
Onlar (düşmən) dəstələrin getmədiklərini zənn edirlər. Əgər dəstələr gələsi olsa, özləri çöldə bədəvilərin arasında olub sizə dair xəbərləri (uzaqdan) soruşmaq istəyərdilər. Sizin aranızda olsaydılar belə, çox az döyüşərdilər.
(Əhzab surəsi, 20)
Bədəvi ərəblərdən geridə qalanlar sənə: “Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı. Ona görə də Allahdan bizim bağışlanmağımızı dilə!” - deyəcəklər. Onlar dilləri ilə qəlbində olmayanı deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud xeyir vermək istəsə, kim Ona qarşı çıxa bilər?! Xeyr! Allah sizin etdiklərinizdən xəbərdardır.
(Fəth surəsi, 11)
(Səfərə çıxmayıb) arxada qalan bədəvi ərəblərə de: “Siz çox qüvvətli bir qövm (farslar və ya romalılar) ilə döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar təslim olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verəcəkdir. Əgər daha əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, O sizə acı bir əzab verəcəkdir”.
(Fəth surəsi, 16)
Bədəvi ərəblər: “Biz iman etdik!” - dedilər. De ki: “Siz iman etməmisiniz. Ancaq: “Biz təslim olmuşuq!” - deyin. İman hələ sizin qəlbinizə girməmişdir. Əgər Allaha və Onun elçisinə itaət etsəniz, Allah əməllərinizdən heç bir şeyi əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir”.
(Hucurat surəsi, 14
)