Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə də düşür. Əgər ata və ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur. Əgər uşaqlarınızı süd anasına əmizdirmək istəsəniz və verəcəyinizi (zəhmət haqqını) adətə müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiyiniz əməlləri görəndir.
(Bəqərə surəsi, 233)
Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla (ögey qızlarınızın anaları ilə) cinsi əlaqədə olmamısınızsa, (qızları ilə evlənmək) sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da (sizə haram edilmişdir). Ancaq keçmişdə baş vermiş (bu cür işlər) istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 23)
Onu gördüyün gün hər bir əmzikli qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın uşağını salar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görərsən. Ancaq Allahın əzabı çox şiddətlidir.
(Həcc surəsi, 2)
Biz Musanın anasına: “Onu əmizdir! Ona zərər gəlməsindən qorxduğun zaman onu dənizə (Nil çayına) at! Heç qorxma və kədərlənmə! Şübhəsiz, biz onu sənə qaytaracaq və onu elçilərdən edəcəyik”, - deyə vəhy etdik.
(Qəsas surəsi, 7)
Biz əvvəlcədən ona süd analarını (onlardan süd əmməsini) qadağan etmişdik. Buna görə də Musanın bacısı belə dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona yaxşı davranacaq bir ailə göstərimmi?”
(Qəsas surəsi, 12)
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.
(Talaq surəsi, 6
)