Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz əvvəlcədən ona süd analarını (onlardan süd əmməsini) qadağan etmişdik. Buna görə də Musanın bacısı belə dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona yaxşı davranacaq bir ailə göstərimmi?”
(Qəsas surəsi, 12)
Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla (ögey qızlarınızın anaları ilə) cinsi əlaqədə olmamısınızsa, (qızları ilə evlənmək) sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da (sizə haram edilmişdir). Ancaq keçmişdə baş vermiş (bu cür işlər) istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 23)
Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə də düşür. Əgər ata və ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur. Əgər uşaqlarınızı süd anasına əmizdirmək istəsəniz və verəcəyinizi (zəhmət haqqını) adətə müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiyiniz əməlləri görəndir.
(Bəqərə surəsi, 233
)