Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!”
(Bəqərə surəsi, 249)
Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman: “Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və inkar edən qövmə qarşı bizə yardım et!” - dedilər.
(Bəqərə surəsi, 250)
Beləcə, Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah Davuda hökmranlıq və hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada məruz qalardı. Lakin Allah aləmlərə (insanlara) qarşı lütfkardır.
(Bəqərə surəsi, 251)
Biz Nuha və ondan sonrakı elçilərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
İsrail oğullarından inkar edən olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişlər. Bunun səbəbi onların üsyan etmələri və həddi aşmaları idi.
(Maidə surəsi, 78)
Biz ona İshaqı və (İshaqın oğlu) Yaqubu bəxş etdik. Onların hər birini doğru yola yönəltdik. Daha əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Ənam surəsi, 84)
Rəbbin göylərdə və yerdə olanları da çox yaxşı tanıyır. Şübhəsiz, Biz elçilərin bəzilərini digərlərindən üstün etdik. Davuda da Zəburu verdik.
(İsra surəsi, 55)
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik.
(Ənbiya surəsi, 78)
Beləcə, bu hökmü Süleymana anlatmışdıq. Biz onların hər birinə hökm (hökmdarlıq, elçilik) və elm vermişdik. Allahı təsbeh edən dağları və quşları da Davudun xidmətinə vermişdik. (Bütün bunları) Biz edirdik.
(Ənbiya surəsi, 79)
Sizdən ötrü ona zireh düzəltmə sənətini öyrətdik ki, sizi (müharibədəki) çətinliklərdən qorusun. Artıq şükür edəcəksinizmi?
(Ənbiya surəsi, 80)
Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh bəndələrim varis olacaqdır!” - deyə yazmışdıq.
(Ənbiya surəsi, 105)
Şübhəsiz ki, Biz Davuda Öz tərəfimizdən bir üstünlük verib: “Ey dağlar və quşlar, onunla birlikdə Allahı təsbeh edin!” (- buyurduq) və dəmiri onun üçün yumşaltdıq.
(Səba surəsi, 10
)