Münafiqun surəsi
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın elçisisən!” - dedilər. Allah da bilir ki, sən Onun elçisisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir.
(Münafiqun surəsi, 1)
- Onlar andlarını özlərinə sipər etdilər və (insanları) Allahın yolundan döndərdilər. Onların əməlləri necə də pisdir!
(Münafiqun surəsi, 2)
- Çünki onlar (əvvəlcə) iman edib sonra inkar etdilər. Buna görə də onların qəlbi möhürləndi. Artıq onlar (haqqı) anlamazlar.
(Münafiqun surəsi, 3)
- Onları gördüyün zaman cüssələri sənin xoşuna gələr, danışdıqlarında da sözlərinə qulaq asarsan. Onlar sanki divara söykədilmiş kötüklər kimidirlər. Hər bağırtının öz əleyhlərinə olduğunu zənn edərlər. Onlar düşməndirlər. Buna görə də onlardan ehtiyat et! Allah onların canını alsın! Necə də (haqdan) döndərilirlər.
(Münafiqun surəsi, 4)
- Onlara: “Gəlin Allahın elçisi sizin üçün məğfirət diləsin!” - deyildiyi zaman başlarını çevirərlər və sən onların təkəbbürlə üz çevirdiklərini görərsən.
(Münafiqun surəsi, 5)
- Onlar üçün məğfirət diləsən də, diləməsən də eynidir. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiqləri doğru yola yönəltməz.
(Münafiqun surəsi, 6)
- Onlar: “Elçinin yanında olanlara heç bir şey verməyin ki, dağılıb getsinlər!” - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur. Lakin münafiqlər bunu anlamazlar.
(Münafiqun surəsi, 7)
- Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, üstün olanlar zəif olanları mütləq oradan çıxardacaqdır”, - deyirlər. Halbuki əsil üstünlük Allaha, Onun elçisinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilməzlər.
(Münafiqun surəsi, 8)
- Ey iman edənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır.
(Münafiqun surəsi, 9)
- Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin.
(Münafiqun surəsi, 10)
- Allah əcəli çatan heç kimin ölümünü təxirə salmaz. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Münafiqun surəsi, 11)