Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz.
(Bəqərə surəsi / 183)
(Oruc) Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.
(Bəqərə surəsi / 184)
Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar.
(Bəqərə surəsi / 187)
Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin-amanlıq içində olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.
(Bəqərə surəsi / 196)
Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o ölən kimsə, mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda qatil mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunları etməyə imkan tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir.
(Nisa surəsi / 92)
Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.
(Maidə surəsi / 89)
Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünə bənzər bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
(Maidə surəsi / 95)
Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”.
(Məryəm surəsi / 26)
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.
(Əhzab surəsi / 35)
Buna imkan tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.
(Mucadilə surəsi / 4)
Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər.
(Təhrim surəsi / 5
)