Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Xatırlayın ki, Musa ilə (Tur dağında vəhy üçün) qırx gecəliyinə sövdələşmişdik. O getdikdən sonra siz haqsızlıq edərək buzovu ilah qəbul etdiniz.
(Bəqərə surəsi, 51)
Ondan sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 52)
O zaman Biz Musaya Kitabı və Furqanı (haqqı batildən ayıran hökmləri) verdik ki, bəlkə doğru yola yönələsiniz.
(Bəqərə surəsi, 53)
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və nəfsinizi öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
(Bəqərə surəsi, 54)
Bir zaman siz: “Ey Musa, Allahı açıq-aşkar görməyincə əsla sənə inanmayacağıq!” - demişdiniz. O anda gözünüz görə-görə sizi ildırım vurmuşdu.
(Bəqərə surəsi, 55)
Ölümünüzdən sonra sizi yenidən diriltdik ki, bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 56)
(Tih səhrasında) üstünüzə buludla kölgə saldıq. Sizə qüdrət halvası və bildirçin göndərdik. Ruzi olaraq verdiklərimizin təmiz olanlarından yeyin! Onlar Bizə deyil, özlərinə zülm edirdilər.
(Bəqərə surəsi, 57)
Vaxtilə (yəhudilərə) belə demişdik: “Bu kəndə girin və bəyəndiyiniz yerdə, istədiyinizdən bol-bol yeyin! Qapısından da (Allaha) səcdə edərək daxil olun və: “Hittə!” (Bizi bağışla!) – deyin ki, Biz də sizin günahlarınızı bağışlayaq!” Yaxşı işlər görənlər üçün (mükafatlarını) artıracağıq.
(Bəqərə surəsi, 58)
Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda” mənasına gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik.
(Bəqərə surəsi, 59)