Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey elçi!) Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədindən əsla dönməz! Şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin hesabladığınızın min ili kimidir.
(Həcc surəsi, 47)
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
(Tövbə surəsi, 111)
Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, yenilməz qüvvət və hikmət sahibidir.
(Loğman surəsi, 9)
Görmədikləri halda Rəhmanın Öz bəndələrinə vəd etdiyi Ədn cənnətlərinə (girəcəklər). Həqiqətən, Onun vədi gerçəkləşəcəkdir.
(Məryəm surəsi, 61)
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman etməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman edənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə inkar edənlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!
(Rad surəsi, 31)