Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz İsrail oğullarına Kitabda (Tövratda) belə bildirdik: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və təkəbbürlənərək dikbaşlıq edəcəksiniz!”
(İsra surəsi, 4)
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
(Maidə surəsi, 64)
Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda” mənasına gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik.
(Bəqərə surəsi, 59)
Vaxtilə Musa öz qövmü üçün su istəmiş, Biz də: “Əsan ilə daşa vur!” - demişdik. Beləcə, oradan on iki çeşmə fışqırmış və hər qəbilə öz çeşməsini tanımışdı. (Biz onlara belə demişdik:) “Allahın verdiyi ruzidən yeyin-için və yer üzündə həddinizi aşaraq fitnə-fəsad törətməyin!”
(Bəqərə surəsi, 60)