"Sadəcə dünya həyatı üçün Allaha dua edənlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır.
(Şura surəsi, 20)
Kim dünya həyatını və onun zinətini istəyərsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar heç bir haqsızlığa məruz qalmazlar.
(Hud surəsi, 15)
Onların axirətdə oddan başqa heç bir payı olmayacaqdır. (Bu dünyada) gördükləri işlər orada puç olacaq və etdikləri əməllər boşa çıxacaqdır.
(Hud surəsi, 16)
Kim dünya nemətini istəyərsə, dilədiyimizə orada istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış və qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq.
(İsra surəsi, 18)
Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur.
(Bəqərə surəsi, 200)