"Sadəcə Allahı və inananları dost edərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allaha və axirət gününə inananların - valideynləri, övladları, bacı-qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və elçisinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlbinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.
(Mücadilə surəsi, 22)
Ey iman edənlər, möminləri qoyub inkar edənləri dost tutmayın! (Bunu edərək) öz əleyhinizə, Allaha açıq bir dəlilmi vermək istəyirsiniz?
(Nisa surəsi, 144)
İnkar edənlər də bir-birlərinin dostlarıdır. Siz bunu yerinə yetirməsəniz (bir-birinizə kömək edib dost olmasanız), yer üzündə böyük bir fitnə-fəsad olar.
(Ənfal surəsi, 73)
Ancaq Allah sizinlə din uğrunda vuruşanları, sizi yurdunuzdan çıxardanları və sizi (yurdunuzdan) çıxartmalarına yardım edənləri özünüzə dost tutmağınızı qadağan edir. Kim onları özünə dost tutarsa, onlar əsil zalımlardır.
(Mumtəhənə surəsi, 9)
Ey iman edənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman etdiyinizə görə elçini və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar.
(Mumtəhənə surəsi, 1)
Ey iman edənlər! Əgər valideyniniz və bacı-qardaşlarınız iman etmək əvəzinə küfrü seçərlərsə, onları dost tutmayın (onlarla yaxınlıq etməyin)! Sizdən kim onları dost tutarsa, onlar əsil zalımlardır.
(Tövbə surəsi, 23)
Ey iman edənlər, sizdən olmayanları sirdaş tutmayın! Onlar sizə pislik etməkdən əl çəkməz və sizin çətinliyə düşməyinizi istəyərlər. Düşmənçilikləri də ağızlarından (çıxan sözlərdən) aşkar olur. qəlbində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik.
(Ali İmran surəsi, 118)
Sizin dostunuz ancaq Allah, onun elçisi, rüku edərək namaz qılan və zəkat verən möminlərdir.
(Maidə surəsi, 55)
Kim Allahı, elçisini və iman edənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır.
(Maidə surəsi, 56)
Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, elçisindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır.
(Tövbə surəsi, 16)