"Sadəcə çətin anlarda Allaha dua edib, rahatlığa qovuşduğunda Allahı unudanlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra tərəfimizdən ona bir nemət verildikdə: “Bu mənə yalnız elmimə görə verilmişdir!” - deyər. Əksinə, bu, bir sınaqdır. Ancaq onların çoxu bunu bilməz.
(Zumər surəsi, 49)
Sizə bəxş edilən hər bir nemət Allah tərəfindəndir. Sonra sizə bir zərər toxunduğu zaman Ona yalvarırsınız.
(Nəhl surəsi, 53)
Sonra zərəri sizdən dəf etdiyi zaman içinizdən bir qrup çox keçmədən Rəbbinə şərik qoşar.
(Nəhl surəsi, 54)
(O zaman insanlar belə deyəcəklər:) “Ey Rəbbimiz, bizi bu əzabdan xilas et! Həqiqətən, biz iman etmişik”.
(Duxan surəsi, 12)
İndi onların öyüd-nəsihəti qəbul etmələrinin nə xeyri var?! Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
(Duxan surəsi, 13)
Sonra ondan üz döndərmiş və: “O, öyrədilmiş bir divanədir”, - demişdilər.
(Duxan surəsi, 14)
Biz sizi əzabdan bir az xilas edəcəyik, ancaq siz yenə (əvvəlki halınıza) geri dönəcəksiniz.
(Duxan surəsi, 15)
De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz.
(Ənam surəsi, 63)
De: “Allah sizi ondan da, hər cür çətinlikdən də xilas edər. Sonra siz (yenə Ona) şərik qoşursunuz?”
(Ənam surəsi, 64)
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De: “Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
(Zumər surəsi, 8)
Biz insana nemət verdiyimiz zaman o (Bizdən) üz döndərib (haqdan) uzaqlaşar. Ancaq ona bir pislik toxunduqda yalvarıb-yaxarar.
(Fussilət surəsi, 51)
Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, Biz səni onlara gözətçi göndərməmişik. Sənin vəzifən yalnız təbliğ etməkdir. Əgər insana Öz tərəfimizdən bir mərhəmət daddırsaq, o, buna görə sevinər. Ancaq etdikləri əməllər ucbatından başlarına pis bir iş gəlsə, bu zaman insanlar nankor olarlar.
(Şura surəsi, 48)
Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar edər.
(Loğman surəsi, 32)
Ona bir zərər dəydiyi zaman fəryad edər.
(Məaric surəsi, 20)
Ona bir xeyir dəydiyi zaman isə xəsisləşər.
(Məaric surəsi, 21)