"Qurandan bəzi səbəb-nəticə əlaqələri" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Gözləmə müddətini başa vurduqları zaman ya onları gözəlcə (nikahınız altında) saxlayın, ya da gözəlliklə onlardan ayrılın. (Zövcənizlə barışmaq, yaxud ayrılmaq məsələsində) içinizdən ədalətli iki nəfəri şahid tutun və Allah üçün şahidlik edin! İçinizdən Allaha və axirət gününə iman edənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar.
(Talaq surəsi, 2)
Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
(Talaq surəsi, 3)
Vaxtilə Rəbiniz: “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” – deyə bildirmişdi.
(İbrahim surəsi, 7)
Ey elçi, möminləri cihada həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər. Sizdən yüz nəfər olarsa, inkar edənlərdən min nəfəri məğlub edərlər. Çünki onlar anlamayan bir tayfadır.
(Ənfal surəsi, 65)
(Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan (cənnətdən) düşün! Məndən sizə hidayət rəhbəri gəldiyi zaman kim Mənim hidayətimə uyarsa, o nə yolunu azar, nə də bədbəxt olar.
(Taha surəsi, 123)
Sizə bir xeyir dəyərsə, bu onları qəmgin edər, ancaq sizə bir zərər toxunarsa, onlar buna sevinərlər. Əgər səbir edib qorunsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Həqiqətən, Allah onların etdiklərini (elmi ilə) əhatə edir.
(Ali İmran surəsi, 120)
Ey iman edənlər, siz özünüzə baxın! Siz doğru yolda olduqca (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allahadır. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
(Maidə surəsi, 105)
Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik”.
(Taha surəsi, 124)
Allah və Onun elçisinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.
(Ənfal surəsi, 46)
Biz hansı məmləkətə elçi göndərdiksə, oranın əhalisini yalvarsınlar deyə kasıblıq və bəlaya (xəstəliyə) düçar etdik.
(Əraf surəsi, 94)
Ey iman edənlər, əgər Allahdan qorxsanız, O, sizə haqqı batildən ayıran bir nur və anlayış (furqan) bəxş edər, pis əməllərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
(Ənfal surəsi, 29)
Əgər o məmləkətlərin xalqı iman edib (günahlardan) çəkinsəydilər, həqiqətən, onlara göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (elçiləri) yalanladılar, Biz də onları qazandıqlarına görə (əzabla) yaxaladıq.
(Əraf surəsi, 96)
De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”.
(Səba surəsi, 39)
(Yaşlılığa görə) heyzdən kəsilmiş qadınlarınızın (gözləmə müddətindən) şübhələnsəniz, (bilin ki), onların gözləmə müddəti üç aydır. Hələ heyz görməmiş olan qadınlar da belədir. Hamilə qadınların gözləmə müddəti isə uşağı dünyaya gətirənə qədərdir. Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər.
(Talaq surəsi, 4)
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun pis əməllərinin üstünü örtər və onun mükafatını artırar.
(Talaq surəsi, 5)
Bu ona görədir ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri yaxşı xüsusiyyətlərlə) dəyişmədikcə Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 53)