Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bu (Quran), Ümmül-Qura (böyük şəhər) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman edən kimsələr ona iman edər və namazlarını qılmağa davam edərlər.
(Ənam surəsi, 92)
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın! Şübhəsiz ki, Allah lütfkardır, hər şeydən xəbərdardır.
(Əhzab surəsi, 34)
Onlara Rəbbinin ayələri xatırladıldığı zaman bu ayələrə qarşı kar və kor kimi davranmazlar.
(Furqan surəsi, 73)
Özlərinə oxunan kitabı sənə nazil etməyimiz onlara kifayət deyilmi?! Həqiqətən, bunda iman edənlər üçün rəhmət və öyüd vardır.
(Ənkəbut surəsi, 51)
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir.
(Maidə surəsi, 49)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
(Ənam surəsi, 70)
Allahın sənə göstərdiyi şəkildə insanlar arasında hökm verəsən deyə Kitabı sənə haqq olaraq nazil etdik. Ona görə də xainlərin müdafiəçisi olma!
(Nisa surəsi, 105)
Kitaba möhkəm sarılıb namazı qılanlara gəldikdə, Biz yaxşı əməl sahiblərinin mükafatını zay etmərik.
(Əraf surəsi, 170)
Kitab verdiyimiz kimsələr onu layiqincə oxuyarlar. Onlar ona iman edərlər. Kim onu inkar edərsə, əsil ziyana uğrayanlar məhz onlardır.
(Bəqərə surəsi, 121)
Ona görə də inkar edənlərə itaət etmə və bununla (Quranla) onlara qarşı böyük bir mübarizə apar!
(Furqan surəsi, 52)
Allah kitab, hikmət və elçilik bəxş etdikdən sonra insanlara: “Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər:) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis bəndə olun!”
(Ali İmran surəsi, 79)