"Quranı, haqq ilə batilin arasındakı fərqi, hikməti öyrədər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi (təhsili olmayan) elçi olan rəsula tabe olanlara o elçi yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki zincirləri götürər. O kəslər ki, elçiyə iman edər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır!
(Əraf surəsi, 157)
Ümmilərə (təhsili olmayanlara) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (şirkdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir elçi göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər.
(Cümə surəsi, 2)
(Onları) açıq-aşkar möcüzələr və kitablarla (göndərmişdik). Sənə də Quranı nazil etdik ki, insanlara, onlara göndəriləni açıqlayasan və ola bilsin ki, onlar düşünüb dərk edərlər.
(Nəhl surəsi, 44)
Şübhəsiz ki, Allah möminlərə, öz içlərindən onlara (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir elçi göndərməklə lütf etmişdir. Halbuki daha əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.
(Ali İmran surəsi, 164)
Həmçinin öz içinizdən ayələrimizi sizə oxuyan, sizi təmizləyən, Kitabı (Quranı) və hikməti, eləcə də bilmədiklərinizi sizə öyrədən bir elçi göndərdik.
(Bəqərə surəsi, 151)