"Qiyamət günü sorğu-sual olunarlar və Allaha qoşduqları şəriklərindən ayrılarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Qiyamətin qopacağı gün günahkarlar susacaqlar.
(Rum surəsi, 12)
(Allaha qoşduqları) şəriklərindən heç biri onlar üçün şəfaətçi olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.
(Rum surəsi, 13)
O gün onların hamısını bir yerə toplayacağıq, sonra da müşriklərə: “Siz və qoşduğunuz şəriklər, öz yerinizə (keçin)!” - deyəcəyik. Beləcə onları (möminlərdən) ayıracağıq. Qoşduqları şəriklər isə belə deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.
(Yunis surəsi, 28)
Bizimlə sizin aranızda şahid kimi Allah yetər. Həqiqətən, sizin (bizə) ibadət etməyinizdən xəbərsiz idik”.
(Yunis surəsi, 29)
Orada hər kəs keçmişdə etdiyi əməlləri yoxlayıb görəcək. Onlar həqiqi sahibləri olan Allahın hüzuruna qaytarılacaqlar. Uydurub düzəltdikləri (bütlər) isə onlardan uzaqlaşıb yox olacaq.
(Yunis surəsi, 30)
Və onlara belə deyərlər: “İbadət etdikləriniz haradadır?
(Şuəra surəsi, 92)
Allahdan başqa (ibadət etdikləriniz)! Onlar sizə, yaxud özlərinə kömək edə bilərlərmi?”
(Şuəra surəsi, 93)
O gün Allah onlara səslənərək: “Mənim şəriklərim olduğunu iddia etdikləriniz haradadır?” - deyəcəkdir.
(Qəsas surəsi, 74)
Rəbbinin hüzurunda dayandırıldıqları zaman (onları) görəydin! Allah buyuracaq: “Bu, haqq deyilmi?” Onlar: “Bəli, Rəbbimizə and olsun ki, (haqdır)!” - deyəcəklər. Allah buyuracaq: “Elə isə, (bunu) inkar etdiyinizə görə dadın əzabı!”
(Ənam surəsi, 30)
Müşriklər (Allaha) qoşduqları şərikləri gördükdə: “Ey Rəbbimiz, bunlar, Səni qoyub ibadət etdiyimiz şəriklərimizdir!” - deyəcəklər. Onlar da bunlara: “Şübhəsiz, siz yalançısınız!” - deyəcəklər.
(Nəhl surəsi, 86)
O gün (müşriklər) Allaha təslim olacaqlar, uydurduqları (bütlər) də yox olub gedəcəkdir.
(Nəhl surəsi, 87)
O gün Allah: “İddia etdiyiniz şəriklərimi çağırın!” – deyər. Müşriklər də dərhal onları (bütlərini) çağırarlar. Ancaq (bütlər) onlara cavab verməzlər. Biz onların arasında bir uçurum yaradarıq.
(Kəhf surəsi, 52)
Onları dayandırın! Çünki onlar sorğu-sual olunacaqlar”.
(Saffat surəsi, 24)
O gün onların hamısını toplayacaq, sonra (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!” - deyəcəyik.
(Ənam surəsi, 22)
Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz şərik qoşan deyildik!” - deməkdən başqa bəhanələri qalmayacaqdır.
(Ənam surəsi, 23)
Bax gör, özlərinə qarşı necə yalan söylədilər. Özlərindən uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb yoxa çıxdılar.
(Ənam surəsi, 24)
O gün Allah onlara səslənərək: “Mənim şəriklərim olduğunu iddia etdikləriniz haradadır?!” - deyəcək.
(Qəsas surəsi, 62)
Haqlarında söz (əzab) vacib olan kimsələr belə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim haqq yoldan azdırdığımız kimsələrdir. Özümüz haqq yoldan azdığımız kimi onları da azdırdıq. Onlardan uzaqlaşıb Sənə yönəldik. Onlar bizə ibadət etmirdilər (öz nəfsinin arzularına uyurdular).
(Qəsas surəsi, 63)
(Onlara:) “Çağırın şəriklərinizi!” - deyiləcək. Onlar da dərhal onları çağıracaq, ancaq onlar cavab verməyəcəklər və əzabı görəcəklər. Kaş onlar (dünyada) doğru yola yönələydilər.
(Qəsas surəsi, 64)
O gün Allah onlara nida edərək: “Elçilərə nə cavab verdiniz?” - deyəcək.
(Qəsas surəsi, 65)