Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır).
(Ənam surəsi, 59)
De: “Allahdan başqa göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz. Onlar nə zaman dirildiləcəklərini də bilməzlər”.
(Nəml surəsi, 65)
Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
(Loğman surəsi, 34)
Allah (axirətdə): “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı ilah qəbul edin!” – demisən?!” – buyurduğu zaman (İsa elçi belə) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən Sənsən.
(Maidə surəsi, 116)
Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. De: “Onun bilgisi yalnız Rəbbimə məxsusdur. Vaxtı çatanda onu ortaya çıxaracaq yalnız Odur. Qiyamətin bilgisi göylərə də, yerə də ağır gəlmişdir. O sizə qəflətən gələcəkdir”. Sanki sən onun haqqında bir şey bilirsənmiş kimi səndən soruşurlar. De: “Onun bilgisi yalnız Allaha məxsusdur. Lakin insanların çoxu bilmir”.
(Əraf surəsi, 187)