Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyarlar,
(Muminun surəsi, 5)
Ancaq zövcəsi, yaxud əllərinin altındakılar (cariyələri) bundan istisnadır. Şübhəsiz, (buna görə) onlar qınanmazlar.
(Muminun surəsi, 6)
Evlərinizdə oturun, əvvəlki cahiliyyə dövründə olduğu kimi açıq-saçıq geyinməyin! Namazı qılın, zəkatı verin, Allaha və Onun elçisinə itaət edin! Ey əhli-beyt! Həqiqətən, Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir.
(Əhzab surəsi, 33)
Allah iffətini qoruyan İmranın qızı Məryəmi də misal çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük. O da Rəbbinin sözlərini və kitablarını təsdiq edib itaət edənlərdən oldu.
(Təhrim surəsi, 12)
O kəslər ki, iffətlərini qoruyarlar.
(Məaric surəsi, 29)
Mömin kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz bir davranışdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır.
(Nur surəsi, 30)
Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini əri, atası, ərinin atası, övladları, ərinin övladları, bacı-qardaşları, bacı-qardaşlarının övladları, qadınlara, sahib olduğu cariyələr, qadınlara ehtirası olmayan xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!
(Nur surəsi, 31)