"Möminləri doğru yola yönəldəndir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman etməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman edənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə inkar edənlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!
(Rad surəsi, 31)
Doğru yolda olanlara gəldikdə, Allah onların doğruluqlarını artırar və onları təqvalı edər.
(Məhəmməd surəsi, 17)
Səni çaşqın halda görüb doğru yola yönəltmədimi?!
(Duha surəsi, 7)
İnkar edənlər: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” - deyirlər. De ki: “Allah dilədiyi kimsəni (haqq yoldan) azdırar, Ona yönələn kimsəni də hidayətə (İslama) çatdırar”.
(Rad surəsi, 27)
Biz dedik: “Hamınız oradan (cənnətdən) enin! Sizə Mənim tərəfimdən bir hidayət rəhbəri gəldikdən sonra kim ona tabe olarsa, onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
(Bəqərə surəsi, 38)
Doğru yolu göstərmək Allaha məxsusdur. Yolun əyrisi də vardır. Əgər O diləsəydi, əlbəttə, sizin hamınızı doğru yola yönəldərdi.
(Nəhl surəsi, 9)
Allah, Öz rizasına uyanları onunla əmin-amanlıq yollarına yönəldər və Öz iznilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər.
(Maidə surəsi, 16)
Bu, Allahın doğru yoludur. O, bəndələrindən dilədiyi kimsəni o yola yönəldər. Əgər onlar (Allaha) şərik qoşsaydılar, şübhəsiz, onların etdikləri əməllər də puça çıxardı.
(Ənam surəsi, 88)
Musa dedi: “Bizim Rəbbimiz hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndir”.
(Taha surəsi, 50)
Biz sənə əmrimizdən olan bir ruhu (Quranı) vəhy etdik. Sən kitabın və imanın nə olduğunu bilmirdin. Lakin Biz onu bəndələrimizdən istədiyimizi haqq yola yönəldən bir nur etdik. Həqiqətən, sən (insanları) doğru yola yönəldirsən.
(Şura surəsi, 52)