"Möminlər ona beyət edərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12)
Ey iman edənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və elçinin dəvətini qəbul edin! Bilin ki, Allah insanla onun qəlbi arasına girər. Həqiqətən, siz Onun hüzurunda toplanacaqsınız.
(Ənfal surəsi, 24)
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi (təhsili olmayan) elçi olan rəsula tabe olanlara o elçi yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki zincirləri götürər. O kəslər ki, elçiyə iman edər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır!
(Əraf surəsi, 157)
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir.
(Fəth surəsi, 10)