"Möminlər üçün Allahdan bağışlanma diləyər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey elçi! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
(Mumtəhənə surəsi, 12)
Biz hər bir elçini, - Allahın izni ilə - yalnız özünə itaət olunması üçün göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və elçi də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər.
(Nisa surəsi, 64)
Möminlər yalnız Allaha və elçisinə iman etmiş kimsələrdir. Onlar ümumi bir iş üçün onunla (elçi ilə) birlikdə ikən, ondan icazə almadan (başqa bir yerə) getməzlər. (Ey elçi!) Həqiqətən, səndən icazə istəyənlər Allaha və Onun elçisinə inanmış kimsələrdir. Əgər bəzi işləri üçün səndən icazə istəsələr, onlardan istədiyinə icazə ver və onlar üçün Allahdan məğfirət dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 62)
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər.
(Ali İmran surəsi, 159)