Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhəsiz, mömin kişi və qadınlara işgəncə verib sonra da tövbə etməyənlər üçün cəhənnəm və onun yandırıb-yaxan əzabı vardır.
(Büruc surəsi, 10)
Onlardan hər kim: “Ondan başqa bir ilah da mənəm!” - deyərsə, onu cəhənnəmlə cəzalandırarıq. Biz zalımları belə cəzalandırırıq.
(Ənbiya surəsi, 29)
Həqiqətən, kitab əhlindən və müşriklərdən (haqqı) inkar edənlər cəhənnəm odunda əbədi qalacaqlar. Onlar yaradılanların ən şərliləridir.
(Beyyinə surəsi, 6)
Şübhəsiz, inkar edən olub Allah yolundan və həm yerli, həm də kənardan gələnlər üçün məbəd etdiyimiz Məscidi-haramdan (insanları) uzaqlaşdıran və orada zülm edərək haqsızlığa meyil etmək istəyənlərə acı bir əzab daddıracağıq.
(Həcc surəsi, 25)
Möminlər arasında çirkin şeylərin (iftiranın) yayılmasını istəyənlərə gəldikdə, onlar üçün həm dünyada, həm də axirətdə şiddətli bir əzab vardır. Allah bilir, siz isə bilməzsiniz.
(Nur surəsi, 19)
Ayələrimizi yalan sayıb təkəbbürlənərək onlardan üz çevirənlər isə cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Əraf surəsi, 36)
Həqiqətən, (elçinin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır.
(Nur surəsi, 11)
Şübhəsiz ki, kim Rəbbinin hüzuruna günahkar olaraq gələrsə, onun üçün cəhənnəm vardır. O, orada nə ölər, nə də yaşayar.
(Taha surəsi, 74)
İnkar edənlər üçün hazırlanmış olan oddan çəkinin!
(Ali İmran surəsi, 131)
İnsanlardan elələri də var ki, cahilliklə Allah yolundan döndərmək və onu məsxərəyə qoymaq üçün boş sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab vardır.
(Loğman surəsi, 6)
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və elçiyə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və qəlbində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!
(Mücadilə surəsi, 8)
İftiraçı və günahkarların vay halına!
(Casiyə surəsi, 7)
O, özünə oxunan Allahın ayələrini eşidir, sonra da onları eşitmirmiş kimi təkəbbürlənərək (küfrdə) israr edir. Buna görə də ona acı bir əzabla müjdə ver!
(Casiyə surəsi, 8)
O, ayələrimizdən bir şey öyrəndiyi zaman onları ələ salır. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.
(Casiyə surəsi, 9)
Qiyamət günü Allaha qarşı yalan söyləyənlərin üzlərinin qapqara olduğunu görərsən. Məgər təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdur?!
(Zumər surəsi, 60)
Allah buyurdu: “Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam.
(Əraf surəsi, 18)
Faiz yeyənlər, şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar: “Əlbəttə, alış-veriş də faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr və (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 275)
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, inkar edən olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.
(Maidə surəsi, 72)
Ey iman edənlər! Xaxamlardan və rahiblərdən bir çoxu insanların mallarını haqsız yolla yeyir və (insanları) Allah yolundan döndərirlər. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ!
(Tövbə surəsi, 34)
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər: “Nə işlə məşğul idiniz?” Onlar dedilər: “Biz yer üzündə aciz idik”. Mələklər dedilər: “Allahın yeri hicrət edəcəyiniz qədər geniş deyildimi?!” Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir!
(Nisa surəsi, 97)
Kim bir mömini qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb etmiş, onu lənətləmiş və onun üçün böyük bir əzab hazırlamışdır.
(Nisa surəsi, 93)
Haqq yol aydın olduqdan sonra kim elçiyə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir!
(Nisa surəsi, 115)
Ey iman edənlər! Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin və özünüzü (bir-birinizi) öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir.
(Nisa surəsi, 29)
Kim düşmənçiliklə və zalımcasına bunu edərsə (haram yeyər, yaxud haqsız yerə birini öldürərsə), Biz onu cəhənnəm oduna atacağıq. Bu, Allah üçün çox asandır.
(Nisa surəsi, 30)
Etdiklərinə görə sevinən və görmədikləri işlərə görə təriflənməyi sevənlərin əzabdan xilas olacaqlarını sanma! Onlar üçün şiddətli bir əzab vardır.
(Ali İmran surəsi, 188)
Açıq-aydın dəlillər gəldikdən sonra ayrılıb ixtilafa düşən kəslər kimi olmayın! Onlar üçün böyük bir əzab vardır.
(Ali İmran surəsi, 105)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
(Ənam surəsi, 70)
Ona: “Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
(Bəqərə surəsi, 206)
Allahın kitabda nazil etdiklərini bir az mənfəət müqabilində gizlədənlər qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 174)
İnkar edən olub ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidirlər.
(Maidə surəsi, 10)
Şübhəsiz, yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq od doldurarlar və onlar yandırıb-yaxan bir oda girəcəklər.
(Nisa surəsi, 10)
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb inkar edən olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 217)
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.
(Bəqərə surəsi, 165)
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil.
(Bəqərə surəsi, 85)
Bəli, kim günah qazanar və qazandığı günahlar onu bürüyərsə, onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 81)
Ayələrimizi inkar edib: “Mənə mütləq mal-mülk və övlad veriləcəkdir!” - deyən kimsəni gördünmü?!
(Məryəm surəsi, 77)
O qeybi öyrəndi, yoxsa Rəhmanın dərgahından (bu barədə) bir söz aldı?!
(Məryəm surəsi, 78)
Əsla! Biz onun söylədiklərini yazacaq və əzabını uzatdıqca uzadacağıq.
(Məryəm surəsi, 79)
O, (dünyada ikən) ailəsinin yanında sevincli idi.
(İnşiqaq surəsi, 13)
O heç vaxt (Rəbbinə) dönməyəcəyini zənn edirdi.
(İnşiqaq surəsi, 14)
Allahın ayələrini inkar edən, elçiləri haqsız yerə öldürən və ədalətli olmağı əmr edən insanların canına qəsd edənləri şiddətli bir əzabla müjdələ!
(Ali İmran surəsi, 21)
(Ey elçi!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və (Allahın rəhmətindən) uzaqlaşdırılmış olaraq cəhənnəmə atılarsan.
(İsra surəsi, 39)
Allahın məscidlərində Onun adının çəkilməsinə mane olan və onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!
(Bəqərə surəsi, 114)
Dilinizin uydurduğu yalana əsaslanaraq: “Bu halaldır, bu isə haramdır”, - deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar!
(Nəhl surəsi, 116)
(Onların qazandığı) az bir mənfəətdir. Halbuki onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 117)
Kim dünya nemətini istəyərsə, dilədiyimizə orada istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış və qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq.
(İsra surəsi, 18)
Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Şübhəsiz ki, Mənə ibadət etməyi tərk edib təkəbbürlənənlər zəlil bir halda cəhənnəmə girəcəklər”.
(Mömin surəsi, 60)
Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla, kim iman etdikdən sonra Allahı inkar edər və qəlbini küfrə açarsa, onlara Allahdan bir qəzəb gələr. Onlar üçün böyük bir əzab vardır.
(Nəhl surəsi, 106)
Pislik etmək məqsədilə hiylə quranlar Allahın onları yerə batırmayacağından, yaxud gözləmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyindən əmindirlərmi?
(Nəhl surəsi, 45)
Kaş sizdən əvvəlki dövrlərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıllı və fəzilətli kimsələr olaydı. Ancaq onların xilas etdiyimiz az bir qismi belə idi. Zalımlar özlərinə verilən nemətlərin arxasınca getdilər. Onlar günahkar idilər.
(Hud surəsi, 116)
Ey iman edənlər! (Döyüşdə) axıb gələn inkar edən ordusu ilə qarşılaşdığınız zaman onlara arxanızı çevirməyin (qorxub qaçmayın)!
(Ənfal surəsi, 15)
(Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya (möminlərdən ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara (düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
(Ənfal surəsi, 16)
Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl (mükafat) vardır. Onun dəvətini qəbul etməyənlərə gəldikdə, yer üzündəki hər şey və bir o qədəri də onların olsaydı, (əzabdan xilas olmaq üçün) mütləq onu fidyə verərdilər. Onların haqq-hesabı çox pis (çətin) olacaqdır. Onların sığınacaqları yer cəhənnəmdir. Ora necə də pis bir yerdir!
(Rad surəsi, 18)
Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Onlar (axirət günü) Rəbbinin hüzuruna gətiriləcəklər. Şahidlər də: “Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir!” - deyəcəklər. Bilin ki, Allahın lənəti zalımlaradır.
(Hud surəsi, 18)
Onlar (insanları) Allah yolundan döndərən və onu (haqq yolu) əyri göstərmək istəyən kəslərdir. Məhz onlar axirəti inkar edənlərdir.
(Hud surəsi, 19)
Onlar yer üzündə Allahı aciz qoya bilməzlər. Onların Allahdan başqa (yardım istəyəcəkləri) dostları da yoxdur. Onlara ikiqat əzab veriləcəkdir. Onlar (haqqı) eşidə bilmir və görmürdülər.
(Hud surəsi, 20)
(Ey Rəsulum!) Əgər (inkar edənlərə) təəccüblənirsənsə, (bil ki,) əslində təəccüblü olan onların “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” sözüdür. Onlar Rəbbini inkar edənlərdir. (Axirət günü) onların boyunlarına zəncir vurulacaq. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Rad surəsi, 5)
Onlar bilmədilərmi ki, kim Allaha və elçisinə qarşı çıxarsa, həqiqətən, onun üçün əbədi qalacağı cəhənnəm odu vardır. Böyük rüsvayçılıq budur.
(Tövbə surəsi, 63)
Allah münafiq kişilərə də, münafiq qadınlara da, inkar edənlərə də əbədi qalacaqları cəhənnəm odunu vəd etmişdir. O, onlara yetər. Allah onlara lənət etmişdir. Onlar üçün davamlı bir əzab vardır.
(Tövbə surəsi, 68)
Bizimlə qarşılaşacaqlarını ümid etməyib dünya həyatına razı olaraq onunla rahatlıq tapanlar və ayələrimizdən qafil olanlara gəldikdə,
(Yunis surəsi, 7)
Qazandıqları (günahlar) səbəbilə onların sığınacaqları yer cəhənnəmdir.
(Yunis surəsi, 8)
İnkar etmələri, ayələrimə və elçilərimə istehza etmələri səbəbilə onların cəzası cəhənnəmdir.
(Kəhf surəsi, 106)
Onlar üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Bu, onların Allahı və Onun elçisini inkar etmələrinə görədir. Allah fasiqlər tayfasını doğru yola yönəltməz.
(Tövbə surəsi, 80)
Budur! Şübhəsiz, azğın kimsələr üçün də pis bir qayıdış yeri vardır.
(Sad surəsi, 55)
Onlar cəhənnəmə girəcəklər. O necə də pis bir yataqdır!
(Sad surəsi, 56)
Könüllü surətdə sədəqə verən möminləri ayıblayan və çətinliklə əldə etdiklərini sədəqə verənləri məsxərəyə qoyanlara gəldikdə, Allah da onları məsxərəyə qoymuşdur. Onlar üçün acı bir əzab vardır.
(Tövbə surəsi, 79)
Şübhəsiz ki, ayələrimizi təkzib edib təkəbbürlənərək onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq və onlar dəvə iynənin gözündən keçənə qədər cənnətə girə bilməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
(Əraf surəsi, 40)
Onlar üçün cəhənnəm odundan döşəklər, üstlərində də (cəhənnəm odundan) yorğanlar vardır. Biz zalımları belə cəzalandırırıq.
(Əraf surəsi, 41)
Allah ilə əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiklərini qoparanlar və yer üzündə fitnə-fəsad törədənlərə gəldikdə, lənət məhz onlaradır və onlar üçün pis bir yurd (cəhənnəm) vardır.
(Rad surəsi, 25)