"Hz.İsanın Allah ilə danışması" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah (axirətdə): “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı ilah qəbul edin!” – demisən?!” – buyurduğu zaman (İsa elçi belə) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən Sənsən.
(Maidə surəsi, 116)
Onlara yalnız Sənin mənə əmr etdiyin: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” – sözünü demişdim. Aralarında olduğum müddət ərzində onlara nəzarət edirdim. Sən məni vəfat etdirincə, onlara nəzarətçi Sən Özün oldun. Sən hər şeyi görənsən.
(Maidə surəsi, 117)
Əgər onlara əzab versən, şübhəsiz, onlar Sənin bəndələrindəndir. Əgər onları bağışlasan, əlbəttə, Sən qüdrətlisən, hikmət sahibisən!”
(Maidə surəsi, 118)
Allah buyuracaqdır: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi bir gündür. Onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah onlardan, onlar da Allahdan razı qalmışlar. Böyük uğur budur!”
(Maidə surəsi, 119)