"Hər şeyin Allahdan olduğunu bilirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman edərsə, Allah onun qəlbini doğru yola yönəldər. Allah hər şeyi biləndir.
(Təğabun surəsi, 11)
De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!”
(Tövbə surəsi, 51)
De ki: “Allahın istədiyi istisna olmaqla, mən özümə belə nə bir zərər, nə də bir xeyir verə bilərəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatan zaman nə bir an geri qala bilər, nə də irəli keçə bilərlər”.
(Yunis surəsi, 49)
Heç bir şey üçün əsla: “Mən bunu sabah edəcəyəm”, - demə!
(Kəhf surəsi, 23)
Ancaq: “Allah diləyərsə (“İnşaAllah” - de)!” (İnşaAllah deməyi) unutduğun zaman Rəbbini an və belə de: “Ola bilsin ki, Rəbbim məni indikindən daha çox doğruya yaxınlaşdırar”.
(Kəhf surəsi, 24)
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 17)
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır.
(Hədid surəsi, 22)
Aləmlərin Rəbbi olan Allah istəmədikcə, siz istəyə bilməzsiniz.
(Təkvir surəsi, 29)