Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqi hökmdar olan Allah ucadır! Sənə Onun vəhyi gəlib tamamlanmazdan əvvəl (Quranı) oxumaqda tələsmə və: “Ey Rəbbim, elmimi artır!” - de.
(Taha surəsi, 114)
De: “Həqiqətən, mən Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin tez gəlməsini istədiyiniz (əzab) mənim ixtiyarımda deyil. Hökm ancaq Allahındır. Haqqı O bəyan edər. O, (haqq ilə batili) ayırd edənlərin ən yaxşısıdır”.
(Ənam surəsi, 57)
Ey iman edənlər, əhdləri yerinə yetirin! Siz ehramda ikən ov etməyi halal saymamaq şərtilə (aşağıda) sizə oxunacaq olanlar istisna olmaqla (digər) heyvanlar sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyinə hökm edər.
(Maidə surəsi, 1)
Yoxsa onlar (İslamdan əvvəlki) cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?!
(Maidə surəsi, 50)
Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!”
(Hud surəsi, 45)
(De:) “Allahdan başqa bir hakimmi istəməliyəm?! Halbuki sizə Kitabı təfsilatlı olaraq nazil edən Odur”. Kitab verdiyimiz kimsələr onun Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Ona görə də əsla şübhəyə düşənlərdən olma!
(Ənam surəsi, 114)