Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
(Maidə surəsi, 5)
Ey iman edənlər! Mömin qadınlar hicrət edərək sizin tərəfinizə keçdiklərində dərhal onları sınağa çəkin! Allah onların imanlarını daha yaxşı bilir. Əgər onların həqiqətən, mömin olduqlarını yəqinliklə bilsəniz, onları inkar edənlərə geri verməyin! Nə bunlar onlara (inkar edənlərə) halaldır, nə də onlar (inkar edənlər) bunlara halaldır. Onların (inkar edənlərin) xərclədiklərini (verdikləri mehrləri) özlərinə qaytarın! Mehrlərini verdiyiniz zaman onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. İnkar edən qadınları nikahınız altında saxlamayın! (Onlar üçün) xərclədiyinizi (verdiyiniz mehrləri) geri istəyin! Onlar (inkar edənlər) da xərclədiklərini (verdikləri mehrləri) geri istəsinlər. Bu, Allahın sizin üçün qoyduğu hökmdür. O, aranızda hökm verər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Mumtəhənə surəsi, 10)
Ünsiyyət edəsiniz deyə sizin üçün öz nəfsinizdən zövcə xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünən qövm üçün ibrətlər vardır.
(Rum surəsi, 21)
Murdar qadınlar murdar kişilərə, murdar kişilər də murdar qadınlara məxsusdur. Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara məxsusdur (yaraşır). Onlar (iftiraçıların) söylədiklərindən uzaqdırlar. Onlar üçün bağışlanma və gözəl bir ruzi vardır.
(Nur surəsi, 26)
Zina edən bir kişi yalnız zina edən bir qadınla və ya müşrik bir qadınla evlənə bilər. Zina edən qadın da yalnız zina edənlə və ya müşrik bir kişi ilə evlənə bilər. Bu, möminlərə haram edilmişdir.
(Nur surəsi, 3)
İman etməyincə müşrik qadınlarla evlənməyin! Müşrik bir qadın xoşunuza gəlsə belə, mömin bir kəniz ondan daha yaxşıdır. Müşrik kişilərə də, iman edənə qədər (mömin qadınları) ərə verməyin! Müşrik bir kişi xoşunuza gəlsə belə, mömin bir kölə ondan daha yaxşıdır. Onlar (müşrik qadın və kişilər) cəhənnəmə çağırırlar. Allah isə Öz izni ilə cənnətə, məğfirətə çağırır və insanlar üçün ayələrini bəyan edir ki, bəlkə, düşünüb ibrət alalar.
(Bəqərə surəsi, 221)
İçinizdəki subayları, həmçinin kölələrinizdən və cariyələrinizdən münasib olanları evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah Öz lütfü ilə onları zəngin edər. Allahın lütfü genişdir, O hər şeyi biləndir.
(Nur surəsi, 32)