"Dini, mənfəətlərinə vasitə edənlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Xaxamlardan və rahiblərdən bir çoxu insanların mallarını haqsız yolla yeyir və (insanları) Allah yolundan döndərirlər. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ!
(Tövbə surəsi, 34)
Öz əlləri ilə kitab yazıb sonra da onunla bir az pul əldə etmək üçün: “Bu, Allah dərgahındandır!” - deyənlərin vay halına! Öz əlləri ilə yazdıqlarına görə onların vay halına! Qazandıqlarına görə də onların vay halına!
(Bəqərə surəsi, 79)
Allahın kitabda nazil etdiklərini bir az mənfəət müqabilində gizlədənlər qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 174)
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların halını bir görəydin.
(Ənam surəsi, 93)
Ey iman edənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz.
(Bəqərə surəsi, 264)
Onlardan (kitab əhlindən) bir dəstə də kitabı oxuyarkən dillərini əyib-bükərlər ki, onu (oxuduqlarını) kitabdan hesab edəsiniz. Halbuki, o (oxuduqları), kitabdan deyildir. Onlar, oxuduqlarının Allah dərgahından olduğunu deyərlər. Halbuki o, Allah dərgahından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.
(Ali İmran surəsi, 78)