Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın! Şübhəsiz, Allah həddi aşanları sevməz.
(Maidə surəsi, 87)
Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə (Qurana) əməl etsəydilər, üstlərində və ayaqları altında olanlardan (yerüstü və yeraltı sərvətlərdən) yeyərdilər. Onların içində mötədil (orta yolu tutan) bir camaat da var. Ancaq onlardan çoxunun gördüyü işlər necə də pisdir!
(Maidə surəsi, 66)
De: “Ey kitab əhli, dininizdə haqsız yerə həddi aşmayın! Daha əvvəl öz yolundan azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış olan bir qövmün arzularına uymayın!”
(Maidə surəsi, 77)
Ey kitab əhli, dininizdə həddi aşmayın və Allah barəsində haqdan başqa bir şey söyləməyin! Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Məryəmə göndərdiyi sözü (“Ol” sözünün nəticəsi) və Ondan bir ruhdur. Ona görə də Allaha və elçilərinə iman edin və “(Allah) üçdür” deməyin! Öz yaxşılığınız üçün buna son qoyun! Şübhəsiz ki, Allah tək bir ilahdır. O, övladı olmaqdan uzaq və pakdır. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Vəkil olaraq Allah kifayətdir.
(Nisa surəsi, 171)