Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
(Bəqərə surəsi, 185)
Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik!
(Taha surəsi, 2)
Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik).
(Taha surəsi, 3)
Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
(Qamər surəsi, 17)
(Ey elçi!) Biz onu (Quranı) onunla müttəqilərə müjdə verəsən və inadkar bir qövmü xəbərdar edəsən deyə, sənin dilinlə asanlaşdırdıq.
(Məryəm surəsi, 97)
(Yaşlılığa görə) heyzdən kəsilmiş qadınlarınızın (gözləmə müddətindən) şübhələnsəniz, (bilin ki), onların gözləmə müddəti üç aydır. Hələ heyz görməmiş olan qadınlar da belədir. Hamilə qadınların gözləmə müddəti isə uşağı dünyaya gətirənə qədərdir. Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər.
(Talaq surəsi, 4)
Biz sənə ən asan olanı müyəssər edəcəyik.
(Əla surəsi, 8)
Kim (haqq sahibinə) haqqını verər, Allahdan qorxar,
(Leyl surəsi, 5)
Biz də ən asan olanı onun üçün asanlaşdırarıq.
(Leyl surəsi, 7)
Allah sizin yükünüzü yüngülləşdirmək istəyir. Axı, insan zəif olaraq yaradılmışdır.
(Nisa surəsi, 28)
İman edib yaxşı işlər görənlərə gəldikdə, - Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik - onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Əraf surəsi, 42)
Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz.
(Muminun surəsi, 62)
Allah yolunda layiqincə cihad edin! O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı. Elə isə namazı qılın, zəkatı verin və Allaha sarılın (güvənin)! O, sizin mövlanızdır (himayədarınızdır). O nə gözəl mövla və nə gözəl yardımçıdır!
(Həcc surəsi, 78)