"Davamlı bir şübhə və narahatlıq içindədirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakıların xəbərləri sizə gəlmədimi?! Allahdan başqası onları bilməz. Elçiləri onlara açıq-aşkar möcüzələr gətirmiş, onlar isə əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənləri inkar edirik və bizi dəvət etdikləriniz barəsində şəkk-şübhə içindəyik”, - demişdilər.
(İbrahim surəsi, 9)
Sizi palçıqdan yaradıb sonra ölüm vaxtını təyin edən də Odur. Onun dərgahında müəyyənləşdirilmiş bir vaxt (qiyamət gününün vaxtı) vardır. Sonra siz yenə də şübhə edirsiniz.
(Ənam surəsi, 2)
Onlar: “Ey Saleh! Bundan əvvəl sən bizim ümid bəslədiyimiz biri idin. Sən bizə atalarımızın ibadət etdiyi bütlərə sitayiş etməyi qadağanmı edirsən? Həqiqətən, sənin bizi dəvət etdiyin (din) barəsində şübhə içindəyik”, - dedilər.
(Hud surəsi, 62)
İnkar edənlər isə, (qiyamət və ya ölüm) vaxtı qəflətən onlara gələnə, yaxud faydasız bir günün əzabı onlara gəlib çatana qədər ondan (Qurandan) şübhə etməyə davam edəcəklər.
(Həcc surəsi, 55)