"Daima yaxşı və gözəl davranışlarda olurlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil təmiz ağıl sahibləri də onlardır.
(Zumər surəsi, 18)
Şübhəsiz, müttəqilər cənnətlərdə və çeşmə başlarında olacaqlar.
(Zəriyət surəsi, 15)
Rəbbinin onlara verdiyini (mükafatlarını) alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl sahibləri idilər.
(Zəriyət surəsi, 16)
Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin ipi qədər belə haqsızlıq edilməyəcək.
(Nisa surəsi, 124)
Ancaq bundan sonra tövbə edib doğru yolu tutanlar istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir.
(Ali İmran surəsi, 89)
Həqiqətən, iman edib xeyirli işlər görən, namazı qılan və zəkatı verən kimsələr üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 277)
Göyləri, yeri və onların arasında olanları yalnız haqq ilə yaratdıq. Qiyamət də mütləq gələcəkdir. Ona görə də sən (onlarla hələlik) gözəl şəkildə rəftar et!
(Hicr surəsi, 85)
Allaha dəvət edən, saleh əməl işləyən və: “Mən müsəlmanlardanam!” - deyən kimsədən daha gözəl sözlü kim ola bilər?!
(Fussilət surəsi, 33)
Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman edib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar.
(Səba surəsi, 37)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)
Xoş bir söz və bağışlamaq, arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır).
(Bəqərə surəsi, 263)
İman edib yaxşı işlər görənlərə gəldikdə, - Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik - onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Əraf surəsi, 42)
Kim izzət və şərəf istəyirsə, bilsin ki, bütün izzət və şərəf Allaha məxsusdur. Yaxşı söz Ona doğru yüksələr və onu yüksəldən yaxşı əməldir. Pis işlər görüb hiylə quranlar üçün şiddətli bir əzab vardır və onların hiylələri boşa çıxacaqdır.
(Fatir surəsi, 10)
Həqiqətən, sən uca bir əxlaq sahibisən.
(Qələm surəsi, 4)