"Daima Allahı xatırlayarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey elçi!) Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Allahı zikr etmək ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir.
(Ənkəbut surəsi, 45)
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!
(Ali İmran surəsi, 191)
Onlar iman edən və Allahı zikr etməklə qəlbi rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlb (ancaq) Allahı zikr etməklə rahatlıq tapar.
(Rad surəsi, 28)
Ey iman edənlər, hər hansı (inkar edən) bir dəstə ilə qarşılaşdığınız zaman sabitqədəm olun və Allahı çox zikr edin ki, bəlkə qalib gələsiniz!
(Ənfal surəsi, 45)
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
(Nur surəsi, 37)
Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır.
(Əhzab surəsi, 21)
Allaha yalvararaq, Ondan qorxaraq daxilən və astadan səhər-axşam Rəbbini zikr et və qafillərdən olma!
(Əraf surəsi, 205)