"Dünya həyatı qısa və keçicidir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar öz-özlərinə Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən bir müddət üçün yaratdığını heç düşünmədilərmi? Həqiqətən, insanların bir çoxu Rəbbinə qovuşacağını inkar edir.
(Rum surəsi, 8)
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
(Nisa surəsi, 77)
Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb bir-birlərinə) qarışar və sonra da küləyin sovurduğu çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir.
(Kəhf surəsi, 45)
Həqiqətən, dünya həyatı göydən endirdiyimiz suya bənzəyir ki, insanlar və heyvanların yedikləri bitkilər onunla (böyüyüb) iç-içə girərlər. Nəhayət, yer üzü bər-bəzəyinə büründüyü və sakinləri də ona sahib olduqlarını zənn etdikləri zaman gecə, yaxud gündüz vaxtı ora əmrimiz (bəlamız) gələr və oranı, sanki dünən heç yox imiş kimi biçilmiş bir hala gətirərik. Biz düşünən insanlar üçün ayələri belə izah edirik.
(Yunis surəsi, 24)