Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” - deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir.
(Nəhl surəsi, 32)
Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq və gözətçiləri onlara: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” - deyəcəklər.
(Zumər surəsi, 73)
(Onlara belə deyiləcək:) “Sağ-salamat və əmin bir şəkildə ora daxil olun!”
(Hicr surəsi, 46)
Onlar səbir etdiklərinə görə cənnətdə yüksək bir məqam ilə mükafatlandırılacaq və orada hörmət və salamla qarşılanacaqlar.
(Furqan surəsi, 75)
(Bu gözəl aqibət) onların, eləcə də atalarından, zövcələrindən və övladlarından əməlisaleh olanların daxil olacaqları Ədn cənnətləridir. Mələklər də hər qapıdan onların yanına daxil olarlar (və belə deyərlər:)
(Rad surəsi, 23)
“Səbir etdiyinizə görə sizə salam olsun! (Dünya) yurdunun aqibəti nə gözəldir!”
(Rad surəsi, 24)
İman edib yaxşı işlər görənlər isə Rəbbinin izni ilə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil ediləcəklər. Onlar orada bir-birləri ilə: “Salam!” – deyərək görüşəcəklər.
(İbrahim surəsi, 23)