Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Haqlarında söz (əzab) vacib olan kimsələr belə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim haqq yoldan azdırdığımız kimsələrdir. Özümüz haqq yoldan azdığımız kimi onları da azdırdıq. Onlardan uzaqlaşıb Sənə yönəldik. Onlar bizə ibadət etmirdilər (öz nəfsinin arzularına uyurdular).
(Qəsas surəsi, 63)
Beləcə, hər elçi üçün insan və cin şeytanlarından düşmənlər təyin etdik. Onlar biri digərini aldatmaq üçün bir-birinə təmtəraqlı sözlər fısıldayarlar. Əgər Rəbbin diləsəydi, onlar bunu edə bilməzdilər. Ona görə də, onları uydurduqları yalanlarla baş-başa burax!
(Ənam surəsi, 112)
Biz onları cəhənnəmə çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir köməklik göstərilməyəcəkdir.
(Qəsas surəsi, 41)
Onlar qiyamət günü həm öz (günah) yüklərinin hamısını, həm də cahillikləri üzündən azdırdıqları kimsələrin (günah) yüklərindən bir qismini daşımaları üçün (belə deyirlər). Bilin ki, daşıyacaqları (bu yük) necə də pisdir!
(Nəhl surəsi, 25)
Tabe olanlar isə belə deyəcəklər: “Əgər dünyaya qayıtmaq əlimizdə olsaydı, onlar (indi) bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq”. Beləcə, Allah onlara əməllərini peşmançılıqlarının səbəbi kimi göstərəcək və onlar cəhənnəmdən çıxa bilməyəcəklər.
(Bəqərə surəsi, 167)
Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir.
(Əraf surəsi, 38)
Onlar orada (bütləri ilə) mübahisə edərək belə deyərlər:
(Şuəra surəsi, 96)
“Allaha and olsun ki, biz açıq-aydın bir zəlalət içindəydik!
(Şuəra surəsi, 97)
Çünki biz sizi aləmlərin Rəbbi ilə bir tuturduq.
(Şuəra surəsi, 98)