"Bir-birlərinə qarşı təmkinli və hörmətlidirlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Öz evinizdən başqa evlərə icazə almadan və salam vermədən girməyin! Bu sizin üçün daha xeyirlidir. Ola bilsin ki, düşünüb anlayarsınız.
(Nur surəsi, 27)
Əgər orada heç kimi tapa bilməsəniz, sizə icazə verilənə qədər ora daxil olmayın! Əgər sizə: “Geri qayıdın!” – deyilərsə, siz də geri qayıdın! Bu sizin üçün daha təmiz bir davranışdır. Allah sizin etdiklərinizi bilir.
(Nur surəsi, 28)
Sizə salam verilən zaman, siz ondan daha gözəl bir şəkildə və ya eynisi ilə salama cavab verin! Şübhəsiz ki, Allah hər şeyin haqq-hesabını çəkəndir.
(Nisa surəsi, 86)
Kora, çolağa, xəstəyə və sizə öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları sizdə olan evdə, yaxud dostunuzun evində yemək yeməyiniz günah deyildir. Bir yerdə, yaxud ayrı-ayrı yeməyiniz də günah deyildir. Evlərə daxil olduğunuz zaman Allahdan xeyir-bərəkət diləyərək bir-birinizi salamlayın! Allah ayələri sizə belə açıqlayır ki, bəlkə, düşünüb anlayasınız.
(Nur surəsi, 61)