"Bütün peyğəmbərlər haqq dinə çağırmışlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İbrahim və Yaqub da: “Ey övladlarım, həqiqətən, Allah sizin üçün bu dini seçmişdir. Ona görə də ancaq müsəlman olaraq can verin!” – deyərək bunu öz övladlarına vəsiyyət etdilər.
(Bəqərə surəsi, 132)
Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
(Bəqərə surəsi, 140)
Allah dərgahında (haqq olan) din, şübhəsiz ki, İslamdır. Kitab verilənlər, özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) şübhəsiz, Allahın hesaba çəkməsi sürətlidir.
(Ali İmran surəsi, 19)
Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) elçi göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (elçiləri) yalanlayanların aqibətinin necə olduğunu görün!
(Nəhl surəsi, 36)
İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.
(Ali İmran surəsi, 67)
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər.
(Şura surəsi, 13)
De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
(Ali İmran surəsi, 64)
Kim İslamdan başqa bir din axtararsa, (bilsin ki, bu,) ondan qəbul olunmayacaq və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
(Ali İmran surəsi, 85)
De: “Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına nazil edilənə iman etdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) elçilərə verilənlərə də (iman etdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”
(Ali İmran surəsi, 84)
Allah yolunda layiqincə cihad edin! O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı. Elə isə namazı qılın, zəkatı verin və Allaha sarılın (güvənin)! O, sizin mövlanızdır (himayədarınızdır). O nə gözəl mövla və nə gözəl yardımçıdır!
(Həcc surəsi, 78)