"Allahdan başqa ilah axtarmazlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı, başqa ilahlar olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.
(Ənam surəsi, 19)
O Şeytan sizi yalnız öz dostları ilə qorxuda bilər. Elə isə, əgər iman etmiş kimsələrsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
(Ali İmran surəsi, 175)
(Ey elçi!) Həqiqətən, sənə də, səndən əvvəlkilərə də: “Əgər Allaha şərik qoşsan, sənin əməlin puça çıxar və ziyana uğrayanlardan olarsan!” - deyə vəhy olunmuşdur.
(Zumər surəsi, 65)
Xeyr! Allaha ibadət et və şükür edənlərdən ol!
(Zumər surəsi, 66)
Onlar Allahı layiqincə tanıyıb qiymətləndirə bilmədilər. Qiyamət günü yer üzü bütövlüklə Onun ixtiyarında olacaq, göylər də Onun qüdrəti ilə büküləcəkdir. O, müşriklərin qoşduqları şəriklərdən tamamilə uzaq və ucadır.
(Zumər surəsi, 67)
De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
(Ali İmran surəsi, 64)
Elçilər o kəslərdir ki, Allahın göndərdiyi əmrləri təbliğ edər, Allahdan qorxar və Ondan başqa heç kimdən qorxmazlar. Haqq-hesab çəkən olaraq Allah yetər.
(Əhzab surəsi, 39)
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar.
(Nisa surəsi, 48)
Allahla yanaşı başqa bir ilaha dua etmə! Ondan başqa heç bir ilah yoxdur. Ondan başqa hər şey yox olacaqdır. Hökm Onundur! Siz də Ona qaytarılacaqsınız.
(Qəsas surəsi, 88)