Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sübh çağında isə istiğfar edirdilər.
(Zəriyət surəsi, 18)
Ey Rəbbimiz! Həqiqətən, “Rəbbinizə iman edin!” – deyə imana çağıran kimsəni (elçini) eşitdik və dərhal iman etdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, pis əməllərimizin üstünü ört və canımızı yaxşılarla birlikdə al!
(Ali İmran surəsi, 193)
Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. İnkar edənlər qövmünə qarşı bizə yardım et!”
(Bəqərə surəsi, 286)
Ey Rəbbim! Məni, ata-anamı, mömin olaraq evimə daxil olanları, mömin kişiləri və mömin qadınları bağışla! Zalımların da yalnız məhvini artır!”
(Nuh surəsi, 28)
O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) biləbilə israr etməzlər.
(Ali İmran surəsi, 135)
(Bu nemətlər,) “Ey Rəbbimiz, biz həqiqətən, (Sənə) iman etdik. Günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!” - deyən,
(Ali İmran surəsi, 16)
Səbir edən, doğru olan, itaət edən, (malından yoxsullara) verən və sübh vaxtı bağışlanmaq diləyənlər üçündür.
(Ali İmran surəsi, 17)
Onlar yalnız: “Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və inkar edənlər qövmünə qarşı bizə yardım et!” – deyirdilər.
(Ali İmran surəsi, 147)
Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla! İman edənlərə qarşı qəlbimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.
(Həşr surəsi, 10)