"Allaha yalnız dünya həyatı üçün dua etməmək" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Kim dünya həyatını və onun zinətini istəyərsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar heç bir haqsızlığa məruz qalmazlar.
(Hud surəsi, 15)
Onların axirətdə oddan başqa heç bir payı olmayacaqdır. (Bu dünyada) gördükləri işlər orada puç olacaq və etdikləri əməllər boşa çıxacaqdır.
(Hud surəsi, 16)
Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır.
(Şura surəsi, 20)
Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur.
(Bəqərə surəsi, 200)
Onlardan eləsi də var ki: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” - deyər.
(Bəqərə surəsi, 201)